- Tarixi
- 1715-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonundakı Yuxarı Altuntaxt kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu -13.04.1959-cu ildən Kamo
- Təsnifatı
Dekorativ tətbiqi sənət
- Mövcud vəziyyəti
Qərbi Azərbaycanda bu günə qədər salamat gəlib çatmış çox az epiqrafik yazılardan bir neçəsi Altuntaxt yaylasında Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunəsi kimi hələ də qalmaqdadır. Qəbiristanlığın əlçatmaz dağların qoynunda, yaylaq ərazidə yerləşməsi onu erməni vandalizmindən qismən qoruya bilib. Hazırkı dövrdə qəbirüstü kitabələrin bir neçəsi yarıəyri və yerə sərilmiş vəziyyətdə qalmaqdadır[i].
[i] https://www.facebook.com/photo?fbid=6864507063563568&set=pcb.6864508206896787
- Məlumat
Bugünkü Ermənistan Respublikasında, 2528 m dəniz səviyyəsindən hündürlükdə, Altuntaxt adlanan yerdə qədim müsəlman qəbiristanlığı yerləşir. Əraziyə çətin keçilən dağ cığırları ilə gedilir. Qərbi Azərbaycanın əlçatmaz dağları hələ də Azərbaycan irsinin böyük nümunələrini öz qoynunda qoruyub saxlayır. Qəbirüstü kitabədə “elmerhûmet el-mağfûret Hanîfe binti Süleymân Nûrî Aglamî gafarallâhu lehümâ fî sene 1127 [1715]” tərcüməsi:
“Əsirgənmiş, bağışlanmış, Aglamlı Süleyman Nuri qızı Hənifə, Allah onları qorusun. 1715-ci il”.
Altuntaxt “Dədə Qorqud” dastanında adı çəkilən yerlərdən biridir. Əlimizdə olan iki baş daşının tarixlərinə əsasən, qəbiristanlığın dövrünü XVIII–XIX əsrlər olaraq qəbul etmək olar[i].
Yuxarı Altuntaxt İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olub. XVIII əsrdə İrəvan xanlığının Göyçə mahalının tərkibində olmuşdur. Kənd indiki Kəvər (Kamo) rayonu ilə Sevan rayonu arasında, Aşağı Altuntaxt kəndinin yanında, Altuntaxt dağının ətəyində yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Göyçə nahiyəsinin, XVIII əsrdə erməni katolikosu S.İrəvansinin “Cambr” əsərində Qeğarkunik vilayətinin tərkibində “Altuntaxt” formasında qeyd edilmişdir. Kənd XVIII əsrin axırlarında xarabalığa çevrilmişdir. Erməni mənbələrində Verin Altuntaxt, Verin Altundağ (“Verin” erməni dilində yuxarı mənasında işlənir) formasında qeyd edilir. İ.Şopen Göyçə mahalında xarabalığa çevrilmiş 27 kəndin içərisində Yuxarı Altuntaxt kəndinin də adını göstərmişdir[ii]. 1826–1828-ci illər İran-Rusiya, 1828–1829-cu illər Türkiyə-Rusiya müharibələri zamanı Göyçədə erməni-rus hərbi birləşmələri tərəfindən tamamilə məhv edilmiş yaşayış məntəqələrindən 67-sinin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında 12 və 13-cü sıralarda Yuxarı və Aşağı Altuntaxt kəndlərinin adları gəlir. Yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalının o zaman yaşayış üçün yararlı sayılan 59 kəndinin İ.Şopen tərəfindən 1831-ci ildə tərtib edilmiş siyahısında və ondan sonrakı dövrlərə aid sənədlərdə isə bu kəndlərdən heç birinin adı yoxdur.
Toponim “vulkan mənşəli qaya adlarında qırmızı” mənasında işlənən altun sözü ilə Azərbaycan dilində “hündür düzənlik”, “düzənlik”, “dağda yerləşən düzənlik”, “iki dərə arasındakı düzənlik” mənasında işlənən taxt (taxta) sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[i]
[i] Bayramov İbrahim // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: "Elm" nəşriyyatı, 2002, s.5
