Bel daşı ziyarətgahı
Gəncə quberniyası Zəngəzur qəzasının Qafan rayonundakı Siznək kəndində yerləşir.
Gəncə – Yelizavetpol, Qafan rayonu – Kapan adlandırılıb.
Memarlıq
Qoç daşı sonradan Qafan şəhərinə aparılıb, muzeyin qarşısında qoyulsa da, Bel daş yerində qalırdı. Ermənilər daşın altını qazıb, oradan qızıl əldə ediblər. Hər iki abidə ermənilər tərəfindən mənimsənilib.
Kəndin qarşısından Qafan, Həyərək, Zəngilan, Qubadlı yolu keçirdi. Yolun alt və üst (sağ-sol) hissəsində köhnə qəbiristanlıq yerləşirdi. Burada palıd ağacı dibində “Bel daş” adlı, at yəhəri formasında bir daş, qoç formalı iki daş vardı. Bura yoldan keçənlər nəzir qoyar, niyyət edər, qaratikan koluna sap, parça bağlayar, beli ağrıyanlar kürəyini Bel daşa söykəyər, əlini sürtər və şəfa tapardılar. Daşların yaşı bəlli deyildi. Bəlkə də totemlə (heyvana, quşa və s. inamla) bağlı imiş [i], [ii].
Toponim Azərbaycan dilində “duman, çən” mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Sis sözü Siznək toponimində“siz” formasına düşüb. s~z səs əvəzlənməsi Azərbaycan dili üçün qanunauyğundur. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir [iii].
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 121.
[ii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 154.
[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S.A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.