Bicni məscidi
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonradan Axta (Razdan) rayonundakı Bicni kəndində
Axta rayonu – Razdan, Bicni kəndi – Bjni adlandırılıb
Memarlıq
Məscid binasının divarlarının arxa və yan tərəfləri uçurulub. Hal-hazırkı dövrdə qabaq hissəsi və giriş qapısının olduğu tərəflər qismən salamat vəziyyətdə qalıb.
Bicni məscidi XVII yüzildə inşa olunan qədim müsəlman ibadətgahıdır. Hündürlüyü 5 metrdən çox olan məscidin tikintisində böyük qaya və çay daşlarından istifadə olunub.
Məscid adını “Beçenek / Peçenek” türk boyunun ərəbcə yazılışı olan “Bjni”dən alıb [i]. Kəndin yerli əhalisi azərbaycanlılar olub. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829-30-cu illərdə, eləcə də 1915-27-cı illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülüb. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı türk yaşayıb.
1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulub. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır [ii], [iii].
“İrəvan əyalətinin icmal dəftəri”ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. Toponim Beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır [iv]. Məscid kənd əhalisinin ibadət və mərasimlər üçün toplaşdığı yer olub [v].
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martuni-
[ii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində) / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 17, 101.
[iii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – S. 34.
[iv] Bayramov, İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İbrahim Bayramov. – Bakı: Elm, 2002. – ISBN 5-8066-1452-2.
[v] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 36.