- Tarixi
 - VII–VIII əsrlər
 - YerləşməƏvvəlki toponim
 Göyçə mahalının Basarkeçər rayonundakı Böyük Qaraqoyunlu (03.01.1935-ci ildən-Əzizli) kəndində
- YerləşməHazırkı toponim
 Basarkeçər rayonu–11.06.1969-cu ildən-Vardenis, Böyük Qaraqoyunlu kəndi 19.04.1991-ci ildən Norabak adlandırılıb.
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Oğuz tayfalarına məxsus qəbirüstü qoç heykəli azərbaycanlıların sonuncu deportasiyası dövrü olan 1987–1991-ci illərə qədər qalırdı. Deportasiya-dan sonra ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi nümayiş olunur.
- Məlumat
 Qəbirüstü qoç heykəli Basarkeçər rayonunun mərkəzindən 14 km məsafədəki Böyük Qaraqoyunlu kəndində yerləşir. Qəbirüstü heykəl kəndin qədim qəbiristanlıq ərazisində olub[i]. Boz daşdan yonulub hazırlanıb. Üzərində türk tayfalarına məxsus damğa mövcuddur. Qəbirüstü heykəlin uzunluğu 1,2 metr, hündürlüyü isə 0,6-0,7 m civarındadır. Qəbiristanlıqdakı bir çox abidə sovet dövründə ermənilər tərəfindən dağıdılıb. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlinə (1730) təsadüf edir. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə, mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağın 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi kiçik dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür. Kənddə: uşaq bağçası, klub, kitabxana, orta məktəb, tibb məntəqəsi, ticarət obyektləri və rabitə xidməti mövcud idi. 1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilərdi. 1937-ci ilə qədər ibtidai (I–IV), 1960-cı ilə qədər natamam orta (VIII), 1988-ci ilin dekabrına qədər isə orta (X) məktəb olmuşdur.
1905–1907-ci illərdəki qırğınlar zamanı kənd əhalisi ermənilərə kəskin müqavimət göstərərək geri çəkilməmişdir. Beləliklə, 1905–1907-ci illərdə ermənilərin kənd əhalisini köçürmək cəhdləri heç bir fayda verməmişdir. Kəndin təxminən 100 evi, 500–600 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zamanı kənd əhalisi doğma yurdlarından çıxarılıb. Əhali 1921-ci ilin yazında Attımustafalılar tayfasından olan Kərbəlayı Çobanın yaratdığı, mahalın igid oğlanlarından ibarət olan 15 nəfərlik dəstənin köməyi ilə geri qayıtmışdır. Bu dövrdə isə kəndin təxminən 120 evi, 700–800 nəfərə yaxın əhalisi olmuşdur. Kərbəlayı Çoban və onun yaratdığı dəstə nəinki Qaraqoyunlu kəndini, eləcə də mahalda çıxarılan əksər kəndlərin əhalisini də doğma yurdlarına qaytardı. 1948–1953-cü illərdəki deportasiya zamanı kənd əhalisi doğma yurdlarından çıxarılmışdır. Kənd əhalisi Tərtər, Kəlbəcər və başqa yerlərdə məskunlaşmışdır. Əhalinin bir hissəsi 1953-cü ilə qədər doğma kəndə qayıtmış, bir hissəsi isə həmin yerlərdə qalmışdır. Kəndin 120–130 evi, 600–650 nəfərə yaxın əhalisi olmuşdur. 1987–1991-ci illərdəki deportasiya zamanı kənddə 370 ev, 2000 nəfər əhali olmuşdur[ii].
XIX əsrin ortalarında kəndin maldarlarının Çalmalı dağında “Qatar” adlı yerdə yaylaq yurdu olub. “Əzizli” sözünün mənası kənd əhalisinin bir-birlərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Toponim və qəbirüstü qoç heykəli kəndin qədim türk-oğuz yurdu olduğuna dair mühüm mənbədir.
