Cəfərabad (Pir Hüseyn) türbəsi
Cəfərabad kəndin
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Memarlıq
Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.
Cəfərabad (Pir Hüseyn) Türbəsi - Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində qırmızı tuf daşdan inşa edilmiş səkkiz tilli türbədir. Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü günbəzsiz 12 m olmuşdur.
Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 m uzunluğunda ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Saatlu (Sakadlı) tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir.) adları çəkilmişdir. Başqa sözlə, kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pir Budaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-cü il oktyabrın 11-də - Ə.Ə.) tikilmişdir.
Türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı. 1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri, 1830-cu illərdən etibarən isə İrandan köçürülüb gətirilmiş ermənilər yaşamışlar.
İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni də “Türkmən məqbərəsi” adlandırırlar.
Ermənilərin məqsədləri aydındır: tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikdən sonra, onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq.
Azərbaycan elminə və dövlətinə görkəmli şəxsiyyətlər bəxş edən Topçubaşovlar (Topçubaşilər) nəslinin Cəfərabad kəndində əkin yerləri və ata-baba mülkləri olmuşdur. Məşhur cərrah, akademik Mustafa bəy Topçubaşovun doğum şəhadətnaməsində onun 1895-ci ildə Göykümbət kəndində doğulduğu qeyd edilmişdir. Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən sonradan ayrılmışdır. Əmir Səəd məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür. Göykümbət kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin günbəzinin göy rəngdə olması ilə bağlı olmuşdur. Bu kəndin adı bəzi mənbələrdə Göygünbəz kimi çəkilir. Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək Arqavand qoymuş, Göykümbət kəndinin adını isə 1 dekabr 1949-cu ildən Gexanist adlandırmışlar.
Göykümbət kəndində Qaraqoyunlu tayfa birliklərinə daxil olan Səədli tayfasının başçılarının qəbiristanlığı olmuşdur. Həmin qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüzə qədər gəlib çatmışdır.
Əmir Səəd məqbərəsi Qarqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilmişdir. Hələ Əmir Səədin sağlığında onun hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin çuxuru adlandırılırdı. Çüxur-Səəd əmirliyinın tabeçiliyində olan ərazilərə hazırda Türkiyənin İqdır vilayətinin düzənlik ərazisini əhatə edən və o zaman Sürməli adlanan ərazi və Ağrı dağı vadisi daxil olmuşdur. Pir Hüseynin idarəçiliyi dövründə əmirliyin sərhədlərinə Qars şəhəri və onun ətraf əraziləri də daxil olmuşdur. Erməni tarixçisi A.D.Papazyanın yazdığına görə, Çuxur-Səəd adına ilk dəfə erməni mənbələrində Matenadaranda saxlanılan 1428-ci ilə aid alqı-satqı sənədində rast gəlinir. Üçkilsə (Vağarşabad, indiki Eçmiədzin) kəndinin alqı-satqısına aid həmin sənəddə qeyd olunur ki, Üçkilsə kəndi Karpi nahiyəsinin kəndlərindən biridir, hansı ki, Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşir. Ərəbcə tərtib edilən həmin sənəddə şahidlər özlərini “səədilər” adlandırmışlar.
Qaraqoyunlu tayfa birliklərinin başçısı Qara Yusif Əmir Teymurun vəfatından bir il sonra, yəni 1406-cı ildə onun nəvəsi Əbu Bəkiri Çüxur-Səəddə məğlubiyyətə uğradır və onu qaçmağa məcbur edir. Bununla da teymurilərin hakimiyyətinə son qoyulur. Qara Yusif bölgənin idarəçiliyini yenidən səədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədə həvalə edir. 1411-ci ildə Əmir Səəd vəfat edir. Onun yerinə hakimiyyətə oğlu Pir Hüseyn keçir. Pir Hüseynin hakimiyyəti dövründə Çuxur-Səəddə və Əmir Teymurun hücumundan sonra dağılan Qarsda xeyli abadlıq və quruculuq işlərinin həyata keçirildiyini orta əsr müəllifləri təsdiqləyir. 1414-cü ildə Pir Hüseynnin vəfatından sonra hakimiyyətə onun oğlu Pir Qaib (bəzi müəlliflər onun adını Pir Yaqub kimi çəkirlər), sonra isə digər oğlu Pir Əvdül gəlmişlər.
Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının məzarı üzərində həmin məqbərəni tikdirmişdir. Bu abidəni digər orta əsr abidələrdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, o kərpicdən deyil, yerli qırmızı tuf daşdan inşa edilmişdir. Azərbaycan memarlıq tarixinin görkəmli tədqiqatçısı professor Leonid Bretaniski 1939-cu ildə Q.Yelkin, L.Mamikonov D.Motislə birgə Əmir Səəd məqbərəsində ölçmə işləri aparməşlar. L. Bretaniski Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin kərpic memarlığı formasından daş memarlığa “keçidin” özünəməxsus forması adlandırmışdır.
Naxçıvan memarlıq məktəbinə aid edilən düzgün onikiüzlü Əmir Səəd məqbərəsinin hündürlüyü günbəzi nəzərə alınmamaqla 12 metr, yerin səthindən yuxarıda qalan hissəsində içəridən diametri 5 metrdir. Kürsülükdən 12 daş yuxarıda içəriyə işıq düşməsi üçün biri şimal, digəri isə cənub tərəfə iki balaca deşik qoyulmuşdur. Məqbərənin tağlı qapısı cənuba baxır və oyma naxışla haşiyələnmişdir.
Məqbərənin karnizinin altında 50 sm enində, 22 metr uzunluğunda friz üzərində nəsx xətti, süls elementləri ilə Qurandan ayələr həkk olunmuş və məqbərənin kim tərəfindən inşa etdirildiyi qeyd edilmişdir.
Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmli Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in 2-ci surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: «Bu müqәddәs qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli padşaһların vә sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin vә biliklәr üçün susamışların һimayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә әl tutan, dövlәtinә eşq olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә ucaldılmışdır. Qoy onun әdalәtli, idarә üsulu var olsun. Qoy mәrһәmәtli, mәrһum, mәrһәmәtlilәrin ağuşuna atılmış Әmir Sәədin torpağı pak olsun. Qoy Allaһ böyük padşaһın һökmranlıqı dövründә, alicәnab xaqan, Şәrqin vә Qәrbin şaһlar şaһı, dövlәtin vә dinin dayağı Pir Budaq xan vә Yusif noyənin һakimiyyәtini әbәdi etsin, – 816 hicri, rәcәb ayının 15-i”.
Bu tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.
Əmir Səəd məqbərəsini 1950-ci illərin sonlarında tədqiq edən erməni tarixçisi A.Papazyan kitabədə Pir Budaq xanın adının Qaraqoyunlu hökmdarı Qara Yusifin adından öncə çəkilməsini məşhur tarixçi V.Minorskiyə istinadən onunla izah edir ki, Qara Yusif 1409-cu ildə Təbrizdə oğlu Pir Budağı taxta çıxartdıqdan sonra özü səltənətin naibi (regent) və kimi qalmışdı. Ona görə də, Əmir Səəd məqbərəsindəki kitabədə Əmir Yusufin adı Pir Budağın adından sonra çəkilmiş və o, “Yusif noyən” kimi – yəni qoşunların baş komandanı kimi təqdim edilmişdir.
Erməni tarixçisi Akop Papazyan daha sonra yazır ki, yerli sakinlərin verdikləri məlumata görə, Əmir Səədin sülaləsinə məxsus məqbərədən başqa, həmin ərazidə nisbətən kiçik həcmdə günbəzvari daha iki məqbərə olmuşdur ki, sonradan sökülən həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifadə edilmişdir. A.Papazyan hesab edir ki, Pir Hüseyn məqbərəsi ilə sökülən məqbərələr eyni dövrdə inşa edilmişdir. Səədli əmirlərinin ailə qəbiristanlığının İrəvana bu qədər yaxın olmasını A.Papazyan onunla izah edir ki, Əmir Səədin hakimiyyəti dövründən İrəvan şəhəri səədlilərin iqamətgah yeri olmuşdur. Məqbərənin içərisi yer səthi səviyyəsində torpaqla örtüldüyündən onun sirri hələ də tam açılmamışdır. A. Papazyan məqbərənin daxilinin tədqiqi zamanı döşəmənin ortasında getdikcə genişlənən və yonulmuş daşla hörülmüş yeraltı sərdabəsi mövcuddur. Onun yazdığına görə, çox ehtimal ki, həmin yeraltı tikilinin qərb divarında qapı yeri olmalıdır ki, qəbirüstü kitabələrin də orada olması güman edilən sərdabəyə keçmək mümkün olsun.
1961-cı ildə Azərbaycanın ilk qadın epiqrafçı alimi Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Məşədixanım Nemət də Ermənistan SSR Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları ilə birgə Əmir Səəd məqbərəsini tədqiq etmişdir. Yerli sakinlərin onlara verdikləri məlumata görə, həmin kənddə orta əsrlərdən qalma çox böyük qəbiristanlıq və daha iki mavzoley olmuşdur. Lakin M. Nemət həmin qəbiristanlıqda Pir Hüseyn məqbərəsindən başqa heç bir qəbirüstü abidəyə rast gəlmədiklərini yazır. [
Məşədixanım Nemət Əmir Səəd məqbərəsini həmin yerlərin tarixi keçmişindən söhbət açan yeganə tarixi abidə və sənət əsəri adlandırır.
Yerli sakinlərin verdikləri məlumata görə, belə şayiə yayılıbmış ki, məqbərənin günbəzi inşa edilərkən onun ən yuxarı hissəsində xeyli qızıl qoyularaq üstü bağlanmışdır. Hətta belə bir deyim formalaşmışdı: “Dələrsən qafa tasını, taparsan qızıl yuvasını”. Əsrlər boyu bu deyim nəsillərdən nəsillərə ötürülmüşdü. Söylənilən qızıla sahib olmaq üçün XX əsrin ortalarında ermənilər xəlvəti qaldırıcı kran gətirərək onun günbəzini deşmişdilər. Oradan qızıl tapdıqlarını kimsə görməyib. Ancaq məqbərənin günbəzinin deşik olduğunu çoxları görmüşdü.
1991-ci ildə SSRİ-nin süqut etməsi nəticəsində yeni yaranan müstəqil dövlətlərdən bəzilərinin arasında ciddi problemlər meydana çıxmış, Sovet hakimiyyəti illərində İttifaq büdcəsindən aldığı dotasiya ilə dolanan Ermənistan isə Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ucbatından ciddi iqtisadi böhranla üzləşmişdi. Uzun müddət Rusiya və Gürcüstan üzərindən Türkmənistandan qaz alan və onun dəyərini isə ödəyə bilməyən Ermənistan rəhbərliyi Türkmənistan hökumətinin güzəştə getməsi üçün yollar axtarırdı. Xəzər dənizindəki “Kəpəz” karbohidrogen yatağının istismarı ilə əlaqədar Azərbaycanla Türkmənistan arasında narazılıq yaranmışdı. Türkmənistanın həmin yatağa əsassız iddiası səbəbindən yaranan narazılıqdan Ermənistan rəhbərliyi faydalanmaq fürsəti əldə etmişdi. Bu zaman ermənilərin ağlına gəldi ki, İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini “türkmən abidəsi” kimi təqdim etsinlər və onu “göz bəbəyi kimi qoruduqlarını” Türkmənistan prezidenti Saparmurad Niyazovun nəzərinə çatdırsınlar. 1996-cı ilin martında S.Niyazovun Ermənistana rəsmi səfərə gəlməsi ermənilərin hiyləgər niyyətlərini gerçəkləşdirməyə imkan verdi. “Zvartnos” aeroportunda rəsmi qarşılanmadan sonra prezidentlərin kartejləri oradan birbaşa Cəfərabad kəndinə yollandı. Türkmənistan prezidentinin tarixlə bağlı məlumatsızlığından istifadə edən Ermənistan prezidenti Levon Ter-Petrosyan bəyan etdi ki, 1413-cü ildə “türkmən əmiri” Pir Hüseyn tərəfindən inşa edilən bu abidə türkmən-erməni dostluğunun simvoludur. Elə oradaca Ermənistan prezidenti türkmən həmkarına təklif etdi ki, abidənin araşdırılması üçün arxeoloqlardan və tarixçilərdən ibarət birgə işçi qrupu yaradılsın. Ermənilərin müsəlman abidələrinə qarşı belə yüksək “qayğıkeşliyindən” riqqətə gələn S.Niyazovun həmin səfəri zamanı Ermənistan üçün bir neçə sərfəli müqavilə imzalandı. Üstəlik, Ermənistanın Türkmənistandan qaz idxalından yaranan 34 milyon ABŞ dolları həcmində borcu 5 illiyə ertələnərək, çox əlverişli şərtlərlə kreditə bağlandı.
1997-ci ildə Levon Ter-Petrosyan Türkmənistanda səfərdə olarkən yenə də “türkmən abidəsi” Əmir Səəd məqbərəsinin qorunması üçün Ermənistan hökumətinin necə böyük fədakarlıqlar göstərdiyini Türkmənistan rəhbərlərinin diqqətinə çatdımışdı. Üstəlik, L.Ter-Petrosyan Ermənistan milli bankında saxlanılan, içərisində qiymətli daş-qaşlar olan qutuları S.Niyazova göstərmişdi. Türkmənbaşı qutuları bir-bir açaraq, ən gözəl üzüklərdən birini çıxarıb öz barmağına taxmışdı. Bundan sonra yenə də bir müddət Ermənistanın qaz idxalından yaranan borc məsələsi gündəlikdən çıxmışdı.
Əmir Səəd məqbərəsinin “qorunması” hesabına Türkmənistandan yardım qoparmaq ənənəsi Robert Koçaryanın prezidentliyi dövründə də da davam etdirilmişdi. 2000-ci ilin aprelində Türkmənistanın Ermənistandakı səfirliyinin dəvəti ilə Aşqabaddan gələn tarix elmləri doktoru Xamra Yusupovanın və erməni tarixçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdi. Dəyirmi masada məqbərənin restavrasiyası məsələsi müzakirə edilmişdi. Səfir Toylu Qurbanov bildirmişdi ki, türkmən-erməni dostluğunun simvolu kimi bu abidəyə xüsusi status verilməsi qərara alınmışdır.
2001-ci ilin sonunda Türkmənistanın Ermənistandakı səfirliyinin vəsaiti hesabına Əmir Səəd məqbərəsinin ətrafında abadlıq işləri aparılmışdır. 2002-ci il yanvarın 11-də bütün ermənilərin katolikosu II Qareginin və bir çox rəsmi şəxslərin iştirakı ilə Əmir Səəd məqbərəsinin önündə qoyulan xatirə lövhəsinin açılışı olmuşdur. 2002-ci il yanvarın 17-də Pobert Koçaryanla Saparmurat Niyazov arasındakı telefon danışığında Türkmənistan prezidenti İrəvan yaxınlığındakı “türkmən mədəniyyət abidəsinin” qorunmasına, ətrafının abadlaşdırılmasına və xatirə lövhəsinin qoyulmasına görə erməni həmkarına minnətdarlıq etmişdi. Fürsətdən istifadə edən Ermənistan prezidenti, bunun qarşılığında yenə də Türkmənistandan idxal edilən qazın həcminin artırılmasına nail olmuşdu.
Qəribə orasıdır ki, ermənilər nəinki Türkmənistanın dövlət başçısını, hətta türkmən tarixçilərini də sözün həqiqi mənasında naşı yerinə qoymuşdular. Yuxarıda qeyd etdiyimiz kimi, Əmir Səəd məqbərəsi Qaraqoyunlu hökmdarı Qara Yusifin teymurilər üzərində qələbəsindən və onların həmin ərazidə varlığına son qoyulmasından bir neçə il sonra inşa etdirilmişdi. Məntiqlə, Əmir Səəd məqbərəsi Əmir Teymurun düşmənlərinin məzarı üzərində ucaldılan tarixi abidədir. Digər tərəfdən, orta əsr ərəbdilli mənbələrdə bütün türk-oğuzlar “türkman”, yaxud “tərakumə” adlandırılmışdır ki, bu, müasir Türkmənistan ərazisində yaşayan türkmən etnosu anlamına gəlmir. Türkmənbaşının yazdığı “Ruhnamə” kitabında digər türkdilli xalqları aşağılayan ifadələrə yer verilməsi də ermənilər üçün göydəndüşmə olmuşdu. 2005-ci ilin martında “Ruhnamə”nin erməni dilinə tərcüməsinin İrəvanda təntənəli təqdimat mərasiminin keçirilməsi S.Niyazovun ermənilərin dəyirmanına su sökməsinin qarşılığında atılan addım idi.
Türkmənistan rəhbərlərinin və alimlərinin orta əsrlər tarixinə “biganəlikləri” ermənilərə imkan verirdi ki, bu fürsətdən lazımınca faydalansınlar.
Erməni mətbuatının yazdığına görə, erməni-türkmən birgə ekspedisiyası Əmi Səəd məqbərəsinin içərisində hissə-hissə qazıntı işləri aparmışdır. Məlum olmuşdur ki, sərdabənin yeraltı hissəsi kvadrat formasındadır, divarları tağlarla bəzədilmişdir. Məqbərənin şimal divarında sərdabəyə enmək üçün pilləkənli giriş qapısı olmuşdur.
Lakin görünür, hər iki tərəfə – ermənilərə və türkmənlərə sərf etmədiyi üçün arxeoloji qazıntıların nəticələri, sərdabənin içərisində olan sənduqənin üzərindəki yazılar haqqında indiyədək heç bir məlumat veilməmişdir.
2001-ci ildə şəhərin mərkəzindəki “Yerevan” hoteli ilə üzbəüz, Abovyan küçəsi-3 ünvanında aparılan qazıntı işləri zamanı (həmin ünvanda hazırda “Alen & Elen” disko-klubu yerləşir) yerin altında qədim müsəlman sərdabəsi aşkarlanmışdır. Ermənilər bunu da “türkmən abidəsi” kimi sırımağa cəhd göstərdilər. Tuf daşdan yonulmuş, dövrün memarlıq üslubu ilə bəzədilmiş, divarları şirli daşlarla örtülmüş bu sərdabənin 1319-cu ildə inşa edildiyi bəlli olmuşdur. Erməni arxeoloqları bu memarlıq abidəsini əvvəlcə “türkmən abidəsi” adlandırsalar da, sonradan ağ elədiklərini anlayıb, onu “monqol abidəsi” adlandırmağa başlamışlar.
Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bugünədək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy “fars”, “türkmən”, “monqol” abidəsi adlandırılsın, bununla da həmin abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin. İndi ermənilər Abovyan küçəsində aşkarlanan həmin sərdabəni “monqol abidəsi” adı altında Ermənistan hökuməti tərəfindən qorunan tarixi abidələr siyahısına daxil etmişlər.
Rəsmi İrəvan “türkmən abidəsi” kartından Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdıməhəmmədovun İrəvana rəsmi səfəri zamanı da istifadə etmişdir. 2012-ci il noyabrın 28-də İrəvandakı Böyük konsert zalında Qurbanqulu Berdıməhəmmədovun erməni dilinə tərcümə edilmiş üç kitabının («Полет небесных скакунов», «Туркменистан» и «Туркменистан – край исцелений») təqdimat mərasimi keçirilmiş, ertəsi gün Türkmənistan prezidentini Cəfərabad kəndinə apararaq “türkmən abidəsi” kimi Əmir Səəd məqbərəsini necə mühafizə etdiklərini göstərmişlər. Ermənilərin bu “qayğıkeşliyindən” riqqətə gələn Türkmənistan prezidenti öz ölkəsi üçün heç bir geosiyasi və iqtisadi əhəmiyyət kəsb etməyən Ermənistanla müxtəlif sahələrdə tərəfdaşlıq müqavilələri imzalamış, hətta Türkmənistanın Ermənistana elektrik enerjisi ixrac etmək niyyətində olduğunu bildirmişdir.
Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.