- Tarixi
- V-VI yüzil
- YerləşməƏvvəlki toponim
Dərələyəz rayonunun Qar–Qar kəndində
- YerləşməHazırkı toponim
Dərələyəz rayonu– Vayots Dzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Çıkıvəng məbədi erməni abidəsi olmadığı üçün təmir edilməyib. Hazırda yerləşdiyi ərazidə yarıuçuq vəziyyətdədir və erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Bir çox tarixi yaşayış məntəqələrində olduğu kimi, Qar–qar kəndində və onun kənarında da tarixi abidələr, qədim məzarlıqlar mövcuddur. Qar–Qar kəndinə gedən yoldan bir qədər aralıda, dağın zirvəsində Çıkıvəng (ermənilər Çikivank adlandırır) adlı kiçik bir məbəd var. Ermənilər Çikivank adının yaranmasını ibadətgahın ətrafındakı torpağın dəri xəstəliklərini sağaltmaq qabiliyyətinə malik olması ilə əlaqələndirirlər. O cümlədən, ekzemanın. Məhz ekzemanı, quru dərini, guya ki, yerli əhali “çiki” adlandırırlar. Deməli müalicə resepti belədir: ibadətgahdan toplanan torpaq, kənddən Məbədə gedən yolda, qəbiristanlığın yaxınlığında yerləşən bulaqdan gələn su ilə qarışdırılır və sonra bu qarışıqdan dərman məqsədləri üçün istifadə olunur. Düzdü çox ekzotik versiya olsa da, gəlin bu sözün Azərbaycan dilindən etimologiyasını nəzərdən keçirməyə çalışaq. Məsələ burasındadır ki, Əyrivəng monastırında olduğu kimi[i] Çıkıvəng məbədinin də adı tikilinin konstruksiyasına tamamilə uyğundur. Bildiyimiz kimi, Azərbaycan Türkcəsinin bəzi dialektlərində “Çıkı, cıqı, çıqqılı, çıkkana, çıqqalanca və s.” cismin və ya kütlənin çox kiçik həcmini göstərən təyinedici terminlər mövcuddur. Sözügedən abidə ilə bağlı turistlərin təsvirinə görə və fotoşəkillərdən də göründüyü kimi, kilsə o qədər kiçikdir ki, fiziki məsafəyə riayət edilmədən içəriyə 5, maksimum 6 nəfər sığa bilər. Beləliklə, Çıkıvəng bu tikilinin quruluşuna tam uyğun gələn kiçik kilsə deməkdir. Bundan əlavə Çıkıvəng məbədinin divarlarındakı yazılarda həkk olunan və İndiki erməni milləti ilə heç bir əlaqəsi olmayan Bəhram, Gönçə, Okan, Amat, Asan və s., kimi məbədin tikilməsinin səbəbkarları olan zadəganların və onların ailə üzvlərinin adlarını xüsusi qeyd etmək olar[ii]. Qar–qar — tarixi Azərbaycanın Dərələyəz rayonunda (indiki Ermənistanın Vayots Dzor rayonu) kənddir. Kənd mərzin şərq hissəsində, Qar–qar çayının sağ sahilində, rayonun inzibati mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 32 kilometr şimal–şərqdə yerləşir. Dəniz səviyyəsindən 1680 metr yüksəklikdə yerləşir. 1831-ci ildə burada yalnız Azərbaycan Türkləri olmaqla 213 nəfər yaşayırdı. 1850-70-ci illərdə kəndə İranın Salmas vilayətindən ermənilər yerləşdirildi. O andan etibarən Azərbaycanlılar ermənilərlə birgə yaşamağa başlayırlar. Kəndin əhalisi 1873-cü ildə 647, 1886-cı ildə 656, 1897-ci ildə 1047, 1914-cü ildə 1220 nəfər olmuşdur.
1918-ci ildə kənd ermənilər tərəfindən tutulur, avtaxton Azərbaycan Türkləri ermənilər tərəfindən təcavüzə uğrayaraq deportasiya edilir. Müasir Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan Azərbaycan Türkləri öz tarixi və etnik torpaqlarına qayıdırlar. 1922-ci ildə burada 156, 1926-cı ildə 220, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır. Amma bir müddət sonra SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə kənd yerlərində yaşayan azərbaycanlılar zorla Azərbaycana köçürülür. İndi kənddə ancaq ermənilər yaşayır.
Tarixi mənbələrdə Qar–qar tayfasının adı Strabonun yazılarında qeyd olunur. Qədim yunan coğrafiyaşünası Qarqarlar və Amazonlar haqqında ətraflı yazmışdır. Qarqarlar Qafqaz Albaniyasının tayfaları arasında ən çoxsaylı tayfa idi. Musa Kalankatlının fikrincə, alban (“qar–qari”) dili Albaniyanın yeganə məlum dilidir. Lakin qar–qarlara aid arxeoloji abidələr zəif öyrənilmişdir. Tarixi mənbələrdən aydın olur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşmış, sonra düzənliklərə gələrək oturaq əkinçiliklə məşğul olmağa başlamışdı. Qar–qarlar Qafqaz Albaniyasının xristianlığı qəbul edən ilk tayfalarından idi. Beləliklə, Qar–qar etnotoponiminin erməni "alimlərinin" irəli sürdüyü “kar–kar (daş- daş)” versiyası ilə heç bir əlaqəsi olmadığını başa düşmək üçün yəqin ki, bu məlumat kifayətdir. Kökü qədimə gedən Qar–qarların adı çay adlarında və Türklərin yaşadığı ərazilərdə olduğu kimi Dərələyəz mahalının Qar–qar kəndinin adında da yaşayaraq, bizə bir miras kimi saxlanıb.
