- Tarixi
- 1000 il əvvəl
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonundakı Gödək-bulaq (Kediqara-bulaq, Xırda-bulaq) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən Vardenis, Gödəkbulaq kəndi 12.08.1946-cı ildən Qarcax-pyur adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qala 1000–1500 il əvvələ aid oğuz mədəniyyətinin izlərini yaşadan abidədir. Qala və onun bürclərinin qalıqları 1988-ci ildə azərbaycanlıların deportasiyası-na qədər qalırdı. Gödəkbulaq kəndindəki qala və bürclərinin qalıqları indiki dövrə də gəlib çatıb. Ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Qalanın yerləşdiyi Gödəkbulaq kəndi rayon mərkəzindən 15 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində yerləşir. Qala 1000 il əvvəl kəndin kənarındakı yüksək təpəlik ərazidə inşa olunub. Qalanın tikintisində böyük qaya parçaları və çay daşlarından istifadə olunub. Oğuz dövründə tikilən qalanın qalıqları bu ərazinin oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 1000–1500 illik tarixi olduğu barədə qənaətlərə əsas verən maddi sübutlardır.
Kəndin əsas sakinləri azərbaycanlılar olub. Rəsmi mənbələrdə isə kəndin adına ilk dəfə 1555-ci ilə dair sənədlərdə rast gəlinir və o, Səfəvi-Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1728-ci ildə Osmanlılar tərəfindən tərtib olunaraq təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 15-ci səhifəsindəki qeydlərdə isə Kediqarabulaq kəndi İrəvan əyalətinin Məzrə nahiyəsinin inzibati bölgüsünə daxil olan kəndlərdən biri kimi təqdim edilib. Həmin vaxt Kediqarabulağın sultan xəzinəsinə xass qismindəki ödənci 2421 ağça həcmində imiş.
Yeni yaradılan erməni vilayətinin tərkibinə verilən yaşayış məntəqələri sırasında adının çəkilməməsi isə ona dəlalət edir ki, Kediqarabulaq da 1826-1829-cu il müharibələri zamanı erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında yerlə-yeksan etdiyi qədim türk yurdları sırasında olmuşdur. Amma sonradan kəndin əzəli sahibləri onu yenidən abadlaşdırmışdır ki, bu tarixi reallıq da 1873-cü ilə dair sənədlərdə təsbitlənmişdir. Amma həmin sənəddə ermənilər kəndin adını Kediqarabulaq şəklində yox, Gödəkbulaq şəklində veriblər[i].
XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra 1828–1829-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilib. Kənddə 1886-cı ildə 226 nəfər azərbaycanlı yaşayıb[ii]. 1890-cı illərdə azərbaycanlılar buradan sıxışdırılıb çıxarılmağa çalışılıb.
1905-ci il qırğınlarından sonra kənd qarışıq kəndlər siyahısına düşmüşdür.
1918-ci il qırğınları zamanı kənd daşnak ordusu tərəfindən dağıdılmış, əhalinin böyük qismi öldürülmüşdür. 1922-ci ildə kənd əhalisindən sağ qalanlar doğma yurdlarına qayıdıblar.Toponim Azərbaycan dilində “qısa, uzun olmayan” mənasında işlənən “gödək” və “bulaq” hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Digər adı Xırdabulaqdır. Azərbaycan dilindəki “ködək”, “qısa”, “kiçik” sözündəndir. Gödəkbulaq kəndinin əzəli sakinləri türk-oğuz tayfalarının nümayəndələri olub. Qala əhalinin müdafiəsində mühüm rol oynayıb.
