Qarakilsə qayaüstü təsvirləri
Zəngəzur mahalının Qarakilsə rayonu.
Qarakilsə rayonu 02.03.1940-cı ildən Sisian rayonu adlandırılmışdır.
Təsviri sənət
Ermənilər bu ərazilərə son iki yüzildə köçüb yaşadıqlarını bildiklərindən qədimlərə enməyə bir o qədər də maraqlı deyillər. Ona görə də bu abidələr çox da dərindən araşdırılmadığı kimi, lazımi şəkildə qorunmur da. Xüsusilə həmin qayaüstü təsvirlərin Qobustan və Altay qayaüstü təsvirləri ilə xeyli dərəcədə oxşarlıq, hətta bəzən eyniyyət təşkil etməsi onların eyni bir etnik toplumun mədəni irsi olduğunu təsdiq edir.
Qarakilsə qayaüstü təsvirləri - Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonu ərazisində qayaüstü təsvirlər. Bu təsvirlər iki qrupa ayrılır. Birincisi e.ə. V-IV minilliklərə, ikincisi e.ə. III-II minilliklərə aiddir. Həmin təsvirlərdə bölgənin о vaxtkı heyvanat aləmi (maral, tur, at, pələng, it, canavar, ayı və s.), ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahalı kimi, Qarakilsə ərazisi də qədimdən Türk-Oğuz qəbilələrinin anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.[i]
Qayaüstü təsvirlər insanların yazı icad olunmamışdan xeyli əvvəl dünyanı necə gördüklərini başqalarına çatdırmaq üçün istifadə etdikləri vasitələrdəndir. Qədim insanlar həyəcanlarını, ovladıqları heyvanların təsvirlərini mağaradaşlarına çatdırmaq üçün daşlara, qayalara onların görüntülərini cızmağa çalışırdılar. Bəzən bu təsvirləri boya ilə də çəkirdilər. Qayaüstü rəsmlər uzaq keçmişdə həyat haqqında unikal informasiya mənbəyidir. Onlar tarixçiləri, arxeoloqları, sənətşünasları, etnoqrafları, linqvistləri, folklorçuları, zooloqları, həmçinin elmin digər sahələrindən olan tədqiqatçıları cəlb edir. Bu təsvirlər vasitəsilə qədim insanların məşğuliyyəti, dünyagörüşü və s. barədə alınan məlumatlar çox vaxt onların gələcək etnik mənsubiyyətini də öyrənməyə kömək edir [ii], [iii], [iv].
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycan abidələri / Əziz Ələkbərli; red. B.Budaqov. – Bakı, 2006. – S. 22-23.
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycan abidələri / Əziz Ələkbərli; red. B.Budaqov. – Bakı, 2006. – S. 22-23.
[iii] Сисиан (справочник-путеводитель), Ереван, 1987, стр.111- 112.
[iv] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu - “Ermənistan”. – Bakı, 1994. – S. 77-82.